MƏDƏNİYYƏT


Daşkənddə keçirilən “Mənim sevimli özbək mətbəxim” adlı beynəlxalq festivalda Azərbaycan da təmsil olunub

A+ A

Daşkənd, 17 oktyabr, AZƏRTAC 

Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi, Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonundakı “Xanbalıq” restoranında “Mənim sevimli özbək mətbəxim” adlı festival keçirilib.

Festivalda Azərbaycan, Amerika Birləşmiş Ştatları, Rusiya, İndoneziya, Çin, Qazaxıstan və digər ölkələrin Özbəkistandakı səfirlikləri iştirak edib.

Tədbirdə Azərbaycanı Özbəkistandakı səfirliyimiz və nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

İştirakçılar öz ölkələrinin mətbəxini, adət-ənənələrini, şirniyyatlarını təqdim etməklə yanaşı, özbək yeməklərindən birini də hazırlayıblar.

Özbəkistan xarici işlər nazirinin müavini Abduraxim Xocayev tədbirin bu ölkənin müstəqilliyinin 25 illiyinə həsr edildiyini və əsas məqsədin milli mətbəxin təbliği olduğunu deyib.

Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı kitablar, milli musiqi alətləri, suvenirlər nümayiş etdirilib, iştirakçılara milli mətbəximizlə bağlı Daşkənddə özbək dilində çap edilən “Azərbaycanın mədəni irsi” kitabı paylanılıb. İştirakçılar dolma, çığırtma, kükü, habelə şəkərbura, paxlava və digər şirniyyatlarımıza qonaq edilib. Azərbaycan təmsilçiləri, həmçinin Özbəkistanın milli mətbəxinə aid “Gülxanım” yeməyini hazırlayıblar.

Festivalın sonunda Rusiya, Azərbaycan, İndoneziya səfirliklərinin nəticələri yüksək qiymətləndirilib və birinci mükafata layiq görülüb.

Azərbaycanın mükafatı səfir Hüseyn Quliyevə təqdim edilib.

Festivalda Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.