MƏDƏNİYYƏT
Daşkənddə keçirilən festivalda Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı nümunələr də göstərilib
Daşkənd, 18 aprel, AZƏRTAC
Daşkənddəki Beynəlxalq Vestminster Universitetində keçirilən xalqların mədəniyyət festivalında Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı nümunələr də nümayiş etdirilib.
Festivalda ABŞ, İtaliya, İran, Misir, Hindistan, Pakistan, Böyük Britaniya, Orta Asiya dövlətləri və digər ölkələrin Özbəkistandakı səfirlikləri iştirak edib. Ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Azərbaycan üçün ayrılmış otaqda dövlət bayrağımız, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Festivalda məişət əşyalarımız, həmçinin Azərbaycan musiqilərindən ibarət disklər, eləcə də AMM-nin naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də sərgilənib.
Azərbaycanla bağlı bölməyə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub.
Sonra milli mətbəx festivalı keçirilib.
Festivalda fəal iştirak edən səfirliklərə diplomlar verilib. Diplom alanlar arasında səfirliyin birinci katibi, AMM-nin direktoru Samir Abbasov da olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
DAŞKƏND