MƏDƏNİYYƏT


Daşkənddə keçirilən xeyriyyə festivalında Azərbaycan da iştirak edib

Daşkənd, 24 may, АZƏRTAC

Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddəki “Türküstan” sarayında uşaqların xeyriyyə festivalı keçirilib, səfirliyimiz və AMM festivalın rəsmi sponsoru olub.

Daşkənddəki internat evlərinin uşaqları üçün keçirilən xeyriyyə festivalı Azərbaycanın milli bayramı 28 may -Respublika Gününə həsr edilib.

Tədbirdə Daşkənd Şəhər Hakimiyyətinin, Özbəkistan Həmkarlar İttifaqının nümayəndələri, Daşkənddəki 15-ə yaxın uşaq evlərinin minə yaxın fiziki qüsurlu və kimsəsiz uşaqları iştirak edib.

Daşkənd şəhər Həmkarlar İttifaqları sədrinin müavini Omon Topilov Azərbaycan Mədəniyyət Mərkəzinin xeyriyyə festivalına dəstəyini yüksək qiymətləndirərək bunu əsl dost qayğısı və dəstəyi adlandırıb. O, kiçik yaşlı istedadların üzə çıxarılması, onların böyük səhnədə konsertlərinin təşkili, habelə uşaq evlərinə dəstəyin dost addımı olduğunu vurğulayıb.

Natiq Özbəkistan-Azərbaycan dostluğunun böyük tarixə malik olduğunu söyləyib.

Səfirliyimizin birinci katibi, AMM-nin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğundan danışaraq, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin gələcək inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, çıxışında uşaqların elm və biliklərə yiyələnməsinin vacib olduğunu vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra uşaqlar özbək, Azərbaycan və dünya xalqlarının mahnı və rəqslərini ifa ediblər.

AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa etdilər.

Tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və internet məktəblərinə AMM-nin hədiyyələri təqdim olunub.

Bədii hissədən sonra Daşkənddəki “Turon” sarayında uşaqlara nahar və sovqatlar verilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.