MƏDƏNİYYƏT
Daşkənddə özbək dilində “Nizami Gəncəvi” adlı kitab çap olunub
Daşkənd, 30 noyabr, AZƏRTAC
Daşkənddə mərhum professor Natan Mallaevin “Nizami Gəncəvi” adlı monoqrafiyası özbək dilində çap olunub. Kitabın redaktoru Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Həmidcon Həmididir.
Nəşrdə Nizami Gəncəvinin həyat və yaradıcılığı, ədəbi irsinin öyrənilməsi haqqında ətraflı məlumat verilir, “Xəmsə”nin yaranması haqqında danışılır. Monoqrafiyada Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, Yeddi gözəl”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “İsgəndərnamə” poemaları haqqında ayrılıqda məlumat verilir, əsərlər təhlil olunur. Kitabda bildirilir ki, Özbəkistanda Nizami Gəncəvini çox sevirlər, müntəzəm olaraq böyük şairin əsərləri haqqında elmi məqalələr yazılır. Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti isə 1947-ci ildən şairin adını daşıyır.
Əsərin sonunda özbək dilində böyük şairin “İsgəndərnamə” poemasından bir parça verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd