MƏDƏNİYYƏT
Daşkənddə özbək dilinə dublyaj olunmuş "Bəxt üzüyü" Azərbaycan filminin təqdimatı keçirilib
Daşkənd, 19 oktyabr, AZƏRTAC
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə özbək dilinə dublyaj olunan “Bəxt üzüyü” Azərbaycan bədii filminin təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, “Özbəkkino” Milli Agentliyi, Özbəkistan Dövlət Televiziyasının nümayəndələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın Xalq Şairi Vaqif Səmədoğlunun “Bəxt üzüyü” filminin özbək dilinə dublyaj olunmasını ölkəmizin müstəqilliyinin bərpasının 25 illiyinə həsr edildiyini bildirib. O deyib ki, film Mədəniyyət Mərkəzimizin sifariş ilə Daşkənddəki “Ramsel film” studiyasında dublyaj olunub. S.Abbasov “Arşın mal alan”, “Əhməd haradadır”, “Qaynana” filmlərinin Özbəkistanda məşhur olduğunu, hələ Sovet dövründə bu filmlərin özbək dilinə dublyaj olunduğunu bildirib. Samir Abbasov filmin həm komik, həm də fəlsəfi aspektdən düşündürücü olduğunu söyləyib, digər Azərbaycan filmləri kimi bu ekran əsərinin də qısa müddətdə Özbəkistanda seviləcəyinə əminliyini ifadə edib.
“Bəxt üzüyü” kinokomediyasının özbək dilinə dublyaj edən rejissor Eldar Məmmədov səsləndirmədə Özbəkistanın bir sıra xalq və əməkdar artistlərinin iştirak etdiyini söyləyib. Rejissor onlara bu imkanın yaratdığına görə Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
Filmin ssenarisini özbək dilinə tərcümə edən tanınmış jurnalist Rüstəm Cabbarov, Özbəkistanın Əməkdar Artisti İsomat Erqaşov filmin məziyyətlərindən söhbət açıblar.
Sonra “Bəxt üzüyü” filmi nümayiş etdirilib və tamaşaçıların alqışları ilə qarşılanıb.
Filmin Özbəkistanın Dövlət Televiziyası və digər kanallarda nümayişi nəzərdə tutulub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd