MƏDƏNİYYƏT
Daşkənddəki Babur parkında milli mədəniyyət mərkəzlərinin Novruz şənliyi
Daşkənd, 22 mart, AZƏRTAC
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) paytaxtda fəaliyyət göstərən digər mədəniyyət mərkəzləri ilə birgə Babur parkında təntənəli Novruz şənliyi keçirib.
Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev Novruz bayramının tarixi haqqında məlumat verib, bu bayramın Özbəkistanda yaşayan 130-dan artıq xalq və millərin bayramı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü və bir sıra digər dövlətlərin dəstəyi ilə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.
RAMMM sədrinin müavini Firdovsi Hüseynov bildirib ki, Novruz bayramının yaşı 5 min ildir. Böyük şair və maarifçilər Nizami Gəncəvi, İbn Sina, Rudəki, Sədi, Hafiz və başqaları əsərlərində Novruzun İslamdan xeyli əvvəl yarandığını qeyd ediblər.
Novruz şənlikləri mədəniyyət mərkəzləri üçün ayrılmış guşələrdə davam etdirilib.
Azərbaycan guşəsinə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar, ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı kitablar, həmçinin milli musiqi alətləri, milli mətbəx nümunələri, suvenirlər nümayiş etdirilib. Azərbaycan guşəsinə gələnlər şəkərbura, paxlava, qoğal və digər Novruz şirniyyatlarının dadına baxıblar.
Sonra AMM-nin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” uşaq rəqs ansamblı bir-birindən gözəl milli rəqslərimizi ifa ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd