İQTİSADİYYAT
Daşkəsən Filizsaflaşdırma Kombinatında elektron nəzarət sistemi tətbiq edilir
Bakı, 20 dekabr, AZƏRTAC
“Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin struktur vahidi olan Daşkəsən Filizsaflaşdırma Kombinatında dəmir filizinin istehsalı proseslərinə elektron nəzarət sistemin tətbiqinə başlanılıb. Bunun nəticəsində mütəxəssis bir mərkəzdən kombinatın istehsal sahəsində olan məhsulun sıxlığı, nəmliyi, çəkisi, tərkibindəki dəmir cövhərinin payı, habelə hazırda anbardakı ehtiyat həcmi və digər parametrlər haqda məlumatlara operativ nəzarət etmək imkanı əldə edir.
Bu barədə Qapalı Səhmdar Cəmiyyətin sədrinin müavini vəzifəsini icra edən Elşən Cəfərov AZƏRTAC-a müsahibəsində deyib. E.Cəfərov vurğulayıb ki, Azərbaycanın stabil iqtisadiyyatının formalaşması, ölkənin valyuta ehtiyatlarının ildən ilə artması, dövlət büdcəsinin həcminin genişlənməsi və digər iqtisadi nailiyyətlər qeyri-neft sektorunun inkişafına ciddi zəmin yaradıb. Bu baxımdan Daşkəsən Filizsaflaşdırma Kombinatının fəaliyyətinin tam bərpası, istehsal olunan məhsulun keyfiyyətinin və həcminin artırılması əsas vəzifələrimizdəndir. “Kombinatda dəmir filizinin hasilatının keyfiyyət və kəmiyyət parametrlərinin yüksəldilməsi, istehsala başlanması üçün bir sıra işlər görülüb. Müəssisəyə ümumi dəyəri 4,5 milyon manat olan 12 ədəd “BELAZ” markalı dağ-mədən texnikası alınıb. Azərbaycanda ilk dəfə olaraq 140 tonluq maşınlar məhz bu kombinata gətirilib. Eyni zamanda istehsal prosesinin işlək olmayan avadanlıqları yenilənib”, - deyə qeyd edib.
Sədr müavini onu da bildirib ki, Daşkəsən Filizsaflaşdırma Kombinatında 2015-ci ildə işlərin daha da intensivləşməsi, ciddi struktur və texnoloji yeniliklərin davam etdirilməsi nəzərdə tutulub.