REGİONLAR
Daşkəsən gəncləri bələdiyyə seçkilərində fəallıq göstərəcəklər
Daşkəsən, 19 dekabr, AZƏRTAC
Daşkəsən rayonunda qarşıdan gələn bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun Xoşbulaq kəndində yerləşən gənclərin təlim və istirahət mərkəzində keçirilən görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri Meydanəli Yolçuyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rəfail Gülməmmədov və partiyanın Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev təmsil etdikləri siyasi qurumun qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığından, seçkilərin şəffaf və demokratik keçirilməsi üçün həyata keçirilən tədbirlərdən danışıblar.
Görüşdə rayon gənclərinin nümayəndələri çıxış edərək Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşərək müstəqil dövlətimizin daha da inkişafı naminə fəallıq göstərəcəklərini bildiriblər.
Görüş iştirakçıları Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 145 nəfərdən 58-nin gənc olduğunu diqqətə çatdıraraq rayon gənclərini onlara səs verməyə çağırıblar.