REGİONLAR
Daşkəsən məktəblərində innovativ texnologiyaların tətbiqi genişlənir
Daşkəsən, 4 sentyabr, AZƏRTAC
Bu il respublikamızın ali və orta ixtisas məktəblərinə daxil olmaq üçün ərizə vermiş 101 daşkəsənli məzundan 49 nəfəri tələbə adını qazanıb. Ali məktəblərə qəbul olunan gənclərdən 2 nəfəri 600-dən, 3 nəfəri isə 500-dən çox bal toplayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Daşkəsən müəllimlərinin ənənəvi sentyabr konfransında məlumat verilib. Məruzə ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Nazim Verdiyev deyib ki, əvvəlki illərdə olduğu kimi, keçən tədris ilində də yeni məktəblərin tikintisi və əsaslı təmiri davam etdirilib. Dövlət Proqramı çərçivəsində 7 kənddə - Muşavaq, Əmirvar, Əmirvar-Əhmədli, Bayan, Quşçu, Mollahəsənli kəndlərində, eləcə də Daşkəsən qəsəbəsində yeni məktəb binaları tikilərək istifadəyə verilib. Alunitdağ, Kəmərqaya, Astaf, Xoşbulaq və Əhmədli kəndlərindəki tam orta məktəb binaları əsaslı şəkildə təmir edilib. Təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də xeyli irəliləyişə nail olunub. Belə ki, gənc nəslə innovativ texnologiyaların aşılanması məqsədilə yeni kompyuterlər alınaraq məktəblərdə quraşdırılıb və internet şəbəkəsinə qoşulub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev konfransda çıxış edərək keçən tədris ilində qazanılan uğurlardan və işdə yol verilən nöqsanlardan danışıb. Sonda bu il ali məktəblərə yüksək balla daxil olan gənclərə qiymətli hədiyyələr verilib.