REGİONLAR
Daşkəsən məktəblisi: Dövlətimiz yaxşı təhsil almağımız və ölkəmizi tanımağımız üçün hər cür şərait yaradır
Qəbələ, 25 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi altında təşkil edilən bu maarifləndirici tur-aksiya məktəblilər üçün əvəzolunmaz tədbirdir. Azərbaycanın bölgələri ilə tanışlıq, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, turizm mərkəzləri və başqa gəzməli-görməli yerlərlə tanışlıq məqsədilə reallaşdırılan bu layihə mühüm əhəmiyyət daşıyır.
Bu sözləri Daşkəsən şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi Tərlan Əlizadə AZƏRTAC-a müsahibəsində deyib.
O, şagirdlərin yaxşı təhsil alması ilə yanaşı, onların ölkəmizi hərtərəfli tanıması üçün dövlətimiz tərəfindən hər cür şəraitin yaradıldığını bildirib. Bu tur-aksiyanın əhəmiyyətini olduqca yüksək qiymətləndirən Tərlan Əlizadə şagirdlərin ekskursiya zamanı qidalanması, onların istirahətinin müasir oteldə təşkili, əylənmələri, nəqliyyatla hərəkəti və proqrama uyğun olaraq tarixi abidələr, istehsal müəssisələri və turizm obyektləri ilə tanışlığı kimi vacib məsələlərin dövlətimiz tərəfindən həll edildiyini məmnunluqla qeyd edib.
“Bu tur-aksiyada iştirak edən şagirdlərə vətənpərvərlik hislərinin aşılanması, eləcə də Azərbaycanın bölgələri barədə daha ətraflı maariflənmə işinin aparılması, onların intellektual səviyyəsinin və dünyagörüşünün artırılması istiqamətində də söhbətlərin aparılmasına böyük önəm verilir”, - deyə daşkəsənli məktəbli bildirib.