CƏMİYYƏT
Daşkəsən rayonunda 119 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib
Bakı, 18 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Daşkəsən Rayon Polis Şöbəsinin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə dekabrın 18-də rayonun Qabaqtəpə, Quşçu, Çanaqçı və Yeni Daşkəsən kəndlərində yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ümumilikdə 119 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib. Həmçinin 115 nəfərin şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.
Rayon sakinləri belə səyyar xidmətlərin təşkilinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir.