REGİONLAR
Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı daha da sürətləndiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının ölkənin bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da uğurla həyata keçirildiyi bildirilir. Qeyd edilir ki, son illərdə rayonda bir sıra infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Mərkəzi Rayon Xəstəxanası, Gənclərin Təlim və İstirahət Mərkəzi, Avtovağzal Kompleksi, əlil, şəhid ailələri və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün ümumilikdə 80 mənzilli 5 yaşayış binası, 13 ümumtəhsil məktəbi və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilib, Bayraq Meydanı yaradılıb, “Daşkəsən Filizsaflaşdırma” kombinatının fəaliyyəti bərpa olunub, avtomobil yolları çəkilib, geniş abadlıq-quruculuq işləri aparılıb.
Sərəncama əsasən, Daşkəsən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.