REGİONLAR
Daşkəsəndə müxtəlif turizm növlərini inkişaf etdirmək üçün əlverişli şərait mövcuddur
Daşkəsən, 14 may, Rauf Hacıyev, AZƏRTAC
Mayın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilən “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsi çərçivəsində Daşkəsəndə yaradılacaq turizm-rekreasiya zonasının işçi qrupuna “Turizm və kənd təsərrüfatı sahəsində dövlət və özəl sektor əməkdaşlığının əsas prinsipləri” mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev Daşkəsənin turizm imkanları barədə geniş məlumat verib. Bildirilib ki, elmi əsaslarla işlənmiş, müvafiq mərkəzi icra orqanları ilə razılaşdırılmış proqram xarakterli mükəmməl “Yeni Daşkəsən” layihəsində rayonun turizm potensialından səmərəli istifadə edilməsi prioritet kimi qarşıya qoyulub. Ötən dövrdə bu istiqamətdə bir sıra işlər görülüb və həmin işlər hazırda da davam etdirilir.
Əhəd Abıyev bildirib ki, Daşkəsən rayonu ərazisində qeydə alınmış tarix-memarlıq və mədəniyyət qoruğu yoxdur. Lakin rayonun Bayan kəndi tarix-memarlıq və mədəniyyət qoruğu elan edilə bilər. Bayan kəndindəki tikililərin ərazinin landşaftına uyğun yarusvari inşası, dağların ətəyində - sal qayaların üzərində salınması ekzotik təsir bağışlayır. Qədim alban mədəniyyətinin və memarlıq sənətinin inkişafından xəbər verən Bayan kəndi ərazisindəki alban məbədləri öz görkəmini saxlamaqla günümüzə qədər gəlib çatıb. Bayan kəndində yerləşən XV əsrə aid körpü, VII əsrə aid Alban Həvari kilsəsi və IV-V əsrə aid Çiçivəng monastrı böyük tarixi əhəmiyyətə malik olmaqla yanaşı, həm də turizm cəhətdən də cəlbedicidir.
Rayon icra hakimiyyətinin başçısı vurğulayıb ki, Daşkəsəndə ekoturizm, dağ turizmi, alpinizm turizmi, aqroturizm növlərini inkişaf etdirmək üçün əlverişli şərait mövcuddur. Prezident İlham Əliyev tərəfindən 2014-cü il oktyabrın 17-də açılan Xoşbulaq kəndi ərazisində yerləşən Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzi bu sahədə son illərdə atılmış ən önəmli addımlardan biridir.
Əhəd Abıyev qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində son illər Daşkəsənin də siması müasirləşərək gözəlləşib, ən əsası isə yol infrastrukturu əhəmiyyətli dərəcə yenilənib, kəndarası yollar təmir edilib.
Daha sonra beynəlxalq dərəcəli turizm mütəxəssisi Knut Gerber, layihənin məsləhətçisi Mehdi Abdullayev turizm və kənd təsərrüfatı sahəsində dövlət və özəl sektor tərəfdaşlığı mövzusunda turizm-rekreasiya zonasının işçi qrupuna müvafiq məlumatlar veriblər.
Görülən işlər nəticəsində gözlənilən perspektivlər barədə geniş məruzə ilə çıxış edən layihənin koordinatoru Fariz Qarayev yaxın gələcəkdə işçi qrupunun Daşkəsənin turizminə böyük töhfələr verəcəyini bildirib.
Çıxışlardan sonra rayonun Yuxarı Daşkəsən qəsəbə, Daşkəsən qəsəbə və Bayan, Xoşbulaq, Gurbulaq kənd icra nümayəndələri və bələdiyyə sədrləri üçün təlimlərə başlanılıb.
Sonda işçi qrupunu maraqlandıran suallar cavablandırılıb, əyani vəsaitlər paylanılıb.