REGİONLAR


Daşkəsəndə ötən doqquz ayın sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

A+ A

Daşkəsən, 18 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Daşkəsən rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan ümumrayon yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələrinin təmsilçiləri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yığıncağı açan rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd edib ki, respublikanın digər rayonlarında olduğu kimi, Daşkəsəndə də 2016-cı ilin doqquz ayında bir çox işlər görülüb, nailiyyətlər əldə olunub. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə müxtəlif sahələr üzrə xeyli artım qeydə alınıb. Rayon ərazisində bir çox təmir-tikinti, abadlıq, quruculuq işləri davam etdirilib. Quşçu həkim məntəqəsində, Zinzahal kənd klubunda və Əhmədli kənd mədəniyyət evində təmir işləri aparılıb. Nəriman Nərimanov adına 3 saylı tam orta məktəbin dam örtüyü, Daşkəsən qəsəbə tam orta məktəbinin döşəməsi dəyişdirilib. Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binası təmir edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 evin tikintisinə başlanılıb. Daşkəsən şəhərində isə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb. Tezliklə həmin binanın da tikintisinə başlanılacaq. Yeni yaradılan kənd təsərrüfatı idarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kilovoltluq elektrik yarımstansiyasında da son tamamlama işləri görülür.

Qeyd edilib ki, bu il avqustun 27-də Daşkəsən ərazisində baş vermiş təbii fəlakət nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına, xüsusən də şəhərdə çoxmərtəbəli binaların dam örtüklərinə, fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatına ciddi ziyan dəyib. Ziyanın qarşısını almaq məqsədilə daxili imkanlar hesabına yenidənqurma və təmir işləri görülüb.

Əhəd Abıyev bildirib ki, gələcəkdə Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir-bərpa işlərinin həyata keçirilməsi, sosial layihələrin icrası nəzərdə tutulur.

Hazırda rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatı, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının sayının artırılması üçün işlər aparılır.

Cari ildə rayonun Zağalı kəndində 82 abonent təbii qazla təmin olunub, Xoşbulaq kəndinə isə təbii qaz xəttinin çəkilişi davam etdirilir.

Yığıncaqda digər sahələrdə görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.