REGİONLAR
Daşkəsəndə ötən il görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Daşkəsən, 23 fevral, Rauf Hacıyev, AZƏRTAC
Ötən il Daşkəsən rayonunda ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 2,9 faiz çox olub. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil edib. Ümumilikdə, rayon üzrə 2016-cı ildə 877-si daimi olmaqla, 972 yeni iş yeri açılıb.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Daşkəsən rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin məruzəsində bildirilib ki, respublikamızın digər bölgələrində olduğu kimi, Daşkəsəndə də 2016-cı ildə bir sıra uğurlar qazanılıb, tikinti-quruculuq, abadlıq işləri görülüb. Belə ki, yola saldığımız ildə “Alunit” istehsalat sahəsində qəza vəziyyətində olan 35/6 kV-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni yarımstansiyanın tikintisi başa çatdırılaraq istifadəyə verilib. Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi yekunlaşıb, Zinzahal kənd klubunda və Əhmədli kənd mədəniyyət evində təmir işləri aparılıb, Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binası təmir olunub.
Diqqətə çatdırılıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında rayon mərkəzində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 evin, eləcə də Alunitdağ qəsəbəsində və Quşçu kəndində evləri qəza vəziyyətdə olan vətəndaşlar üçün Fövqəladə Hallar Nazirliyinin xətti ilə 2 evin tikintisi aparılır. Həmçinin Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb və tezliklə tikintiyə başlanılacaq.
Hesabat ilində rayonun Zağalı kəndində 90, Qazaxyolçular kəndində isə 68 abonent təbii qazla təmin olunub. Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində işlərə başlanılıb və ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.
Ötən il Daşkəsəndə aqrar sahənin inkişafı istiqamətində görülən işlərdən də danışan Ə.Abıyev bildirib ki, hazırda rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. 2016-cı ildə, ümumilikdə, 2178 hektarda kənd təsərrüfatı bitkiləri əkilib ki, bunun da 1232 hektarını kartof, 641 hektarını buğda, 41 hektarını arpa, 101 hektarını tərəvəz, 55,2 hektarını lobya və digər əkin sahələri təşkil edib. Rayon ərazisindəki arı ailələrinin sayı isə 4867-yə çatıb.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həlli yollarından və qarşıda duran vəzifələrdən danışılıb.
Çıxışlardan sonra müraciət və təkliflər dinlənilib, müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov və Milli Məclisin deputatı Kamran Bayramov yığıncaqda çıxış ediblər.
Sonra 2016-cı ildə rayonun sosial-iqtisadi, ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs fəxri fərmanla təltif olunub.
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.