İQTİSADİYYAT
Data jurnalistikası ilə bağlı treninq təşkil edilib
Bakı, 14 fevral, Elvin Camalov, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Data (məlumat) jurnalistikasına dair təlim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən təlimi Data (məlumat) jurnalistikası üzrə xarici mütəxəssis Alaksiey Lyavonçik, yerli mütəxəssis Emin Hüseynzadə və İİTKM nümayəndələri aparıb. Təlimdə iştirak edən jurnalistlərə Azexport.az layihəsi ilə bağlı Data məlumatlar təqdim olunub. Jurnalistlərlə mütəxəssislərin müzakirələri təqdim olunan bu bazanın üzərindən aparılıb.
Təlimin məqsədi davamlı olaraq, Data məlumat (rəqəmlər) təqdim edən jurnalistlərin işinin səmərəliliyini artırmaqdır. Mütəxəssis Elnur Salayev infoqramma barədə jurnalistlərə məlumat verib.
Sonda müxtəlif TV və media qurumlarından təlimdə iştirak edən 20-yə yaxın jurnalistə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimdə iştirak edən jurnalistlərə Linking Media tərəfindən davamlı olaraq onlayn məsləhətlər veriləcək.
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.