CƏMİYYƏT
Daxili İşlər Nazirliyi Abşeron rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
Bakı, 9 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron rayonunun Novxanı qəsəbəsində sakin Mehman Seyidovun idarə etdiyi “VAZ-2106”, Bakı şəhər sakini Elçin Qasımovun və Qubadlı rayon sakini Nadir Həsənquliyevin idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə M.Seyidovun azyaşlı qızları Gülçöhrə və Mehram hadisə yerində ölüb, özü və digər sərnişini, habelə N.Həsənquliyev və onun avtomobilində olan 2 sərnişin, E.Qasımovun maşınında olan 1 sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb, Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.