CƏMİYYƏT


Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 8-də Daxili İşlər Nazirliyində (DİN) 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov daxili işlər orqanları tərəfindən respublikada ictimai asayişin və təhlükəsizliyin 2016-cı ilin altı ayında da etibarlı qorunduğunu söyləyib. Bildirib ki, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllər davam edib, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində digər hüquq mühafizə strukturları ilə birgə həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb.

Geniş məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14 min 251 cinayət qeydə alınıb. Onların 94,2 faizi və ya 13 min 429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Məqsədyönlü surətdə davam etdirilən profilaktik fəaliyyət nəticəsində cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb.

Şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 5,2 faiz, zorlamalar 16,7 faiz, avtonəqliyyatın qaçırılması 13 faiz, xuliqanlıqlar 6,4 faiz, yol-nəqliyyat hadisələri 13,4 faiz, qəzalarda həlak olanların sayı 25,3 faiz, xəsarət alanların sayı 13,2 faiz azalıb.

Cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 0,5 faiz, şəxsiyyət əleyhinə olan cinayətlərin açılması 1,2 faiz, qəsdən adam öldürməyə cəhdlərin açılması 2,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 1,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, xuliqanlıqların açılması 2,4 faiz yaxşılaşıb.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 205, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” isə 581 və ya müqayisə edilən dövrə nisbətdə 24,4 faiz çox cinayət açılıb.

Diqqətə çatdırılıb ki, “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlərlə 2759 hüquqazidd əməlin qarşısı alınıb, 2022 cinayət işi başlanılıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 162 cinayət açılıb, 6366 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 135 hadisə aşkarlanıb, axtarışda olan 68 avtomobil saxlanılıb.

Cinayətlərdə təqsirləndirilən və şübhəli bilinən şəxslərin axtarışının nəticələri 4,1 faiz yaxşılaşaraq istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 51 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyən olunub. Ümumilikdə, axtarılanların 56,8 faizinin tutulması təmin edilib.

Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 141 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 90 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 18 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 24 min 700 manat və 10 min ABŞ dolları olan 347 əsginas, habelə istifadə müddəti ötmüş 13 tona yaxın yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqətin qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəldiyi nəzərə çatdırılıb. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675, o cümlədən onların satışı ilə bağlı 429 fakt üzrə ötən ilin 6 ayı ilə müqayisədə 177 kiloqram çox, bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb.

Həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 cinayətkar qrup zərərsizləşdirilib, 62,8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.

Ötən ilin 6 ayı ilə müqayisədə 16,2 faiz çox, yaxud 93 insan alveri cinayəti müəyyənləşdirilib. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı ilə 16 nəfər məhkəmə məsuliyyətinə verilib, həmin əməllərin qurbanı olmuş 52 şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunub.

Qeyd edilib ki, kriminal təhdid və çağırışlara qarşı cavab tədbirlərinin görülməsində, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında mühüm funksiyaları həyata keçirən istintaq və ixtisaslaşmış təhqiqat qurumları üzrə fəaliyyətin nəticələri də ümumən qənaətbəxş olub. Prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işində də müsbət təmayül müşahidə olunub və bu istiqamətdə işin nəticələri 7,9 faiz yaxşılaşaraq 85,6 faiz təşkil edib.

Cinayət xarakterli məlumatlara baxılmasında və qərarlar qəbul edilməsində əhəmiyyətli rolu olan təhqiqatçıların iş həcmi isə cari ilin 6 ayında təxminən 28 faiz artıb.

Məruzəçi bildirib ki, respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 15 mindən çox artması fonunda yol-nəqliyyat hadisələrinin, qəzalarda ölənlərin və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Konkret olaraq, 2015-cı ilin altı ayı ilə müqayisədə hesabat dövründə 25 faiz çox və ya 1 milyon 402 min 254 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkarlanıb. Bununla yanaşı, avtomobilinin şüşələrinə pərdə və plyonka çəkilmiş 2404 şəxs, həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 6574 nəfər və avtoxuliqanlığa görə 183 sürücü barəsində qanunauyğun tədbirlər görülüb. Həmin qayda pozuntuları ilə bağlı qanunvericiliyin sərtləşdirilməsinin, məqsədli şəkildə aparılan təbliğat işinin və keçirilən reydlərin nəticəsi olaraq, onların sayında ilbəil azalma qeydə alınır.

Vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə təmini üzrə fəaliyyət çərçivəsində 59,2 faiz çox, yəni 972 min 383 nəfərə şəxsiyyət vəsiqəsi, 179 min 792 nəfərə isə ümumvətəndaş pasportu verilib.

Mühafizə xidmətləri tərəfindən qorunan obyektlərdə 94 oğurluq hadisəsinin qarşısı alınmaqla 41 nəfər, habelə xidməti marşrutlarda 56 cinayət törətmiş 65 şəxs yaxalanıb.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin və zəruri təşkilati-əməli tədbirlərin DİN rəhbərliyinin, xüsusən daxili işlər nazirinin şəxsi nəzarəti altında cari ilin birinci yarısında da yerinə yetirildiyi, hesabat dövründə 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 2849 vətəndaşın qəbul edildiyi, qaldırılan məsələlərin əksəriyyətinin yerində həll olunduğu vurğulanıb.

Məruzə ətrafında çıxışlarda nazirliyin ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyənləşdirilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Daxili işlər naziri deyib ki, daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətində olan nöqsan və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalı, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində tədbirlərin görülməsi davam etdirilməlidir.

Nazir əminliyini bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini tam yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.