CƏMİYYƏT
Daxili İşlər Nazirliyində mənəvi-psixoloji təminat məsələlərinə dair seminar keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında paytaxt ərazisində yerləşmiş struktur hissələrin və ərazi polis orqanlarının rəislərinin şəxsi heyətlə iş üzrə köməkçiləri ilə xidməti fəaliyyətin mənəvi-psixoloji təminatı məsələlərinə həsr olunmuş geniş seminar-müşavirə keçirilib.
AZƏRTAC DİN-in saytına istinadla xəbər verir ki, müşavirədə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev ötən əsrin sonlarında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində bir çox nailiyyətlərin qazandığını vurğulayıb. Nazir müavini həmin dövrdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modelinin yaradıldığını, Ulu Öndərin əsasını qoyduğu bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb.
Qeyd olunub ki, ölkədə iqtisadi islahatların sürətlə davam etdirilməsi, iqtisadiyyatın inkişafında əldə olunmuş müsbət nəticələr sosial sahədə əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə, əhalinin yaşayış səviyyəsinin daha da yüksəlməsinə imkan yaradıb. Cəmiyyətin bütün təbəqələrini əhatə edən iqtisadi inkişaf meyilləri daxili işlər orqanlarında çalışan əməkdaşların da maddi-rifah halının yaxşılaşdırılmasında özünü büruzə verib. Son illər dövlət rəhbərliyi səviyyəsində şəxsi heyətin həyat və sosial şəraitinin yaxşılaşdırılması, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində də xeyli iş görülüb.
Qarşıda duran vəzifələrdən danışan polis general-leytenantı Prezident İlham Əliyevin siyasi iradəsi ilə vətəndaşa, insan faktoruna yönümlü idarəetmə modelinin formalaşdırılması nəticəsində polis-vətəndaş münasibətlərinə dair yeni düşüncə tərzinin, yanaşma qaydasının təşəkkül tapdığını qeyd edib. İ.Əliyev bu gün daxili işlər orqanlarının fəaliyyətinin cəmiyyət üçün açıq, həm də sosial yönümlü olduğunu, əhalinin bütün qrup və təbəqələri, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə iş aparıldığını, polisə münasibətin öyrənilməsinin diqqət mərkəzində saxlanıldığını, eyni zamanda, cinayətkarlığa qarşı mübarizənin nəticələri barədə ictimaiyyətin mütəmadi məlumatlandırıldığını diqqətə çatdırıb.
Sonra DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev daxili işlər orqanlarının əməkdaşları arasında nizam-intizamın, qanunçuluğun vəziyyəti və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Bu qəbildən sonuncu seminar-müşavirənin yekununda əməkdaşların təlim-tərbiyəsi, fəaliyyətin mənəvi-psixoloji təminatı yönündə DİN rəhbərliyinin tapşırıq və tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb. Bu istiqamətdə qarşıya qoyulan başlıca vəzifələrdən danışılıb, onların həlli yolları barədə tapşırıqlar verilib.