CƏMİYYƏT


Daxili Qoşunların Baş İdarəsində hərbi qulluqçular mükafatlandırılıb

Bakı, 18 mart, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) yaranmasının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və daxili işlər nazirinin əmri ilə dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, həmçinin xidmətdə xüsusilə fərqləndiklərinə, yüksək peşə hazırlığı, nümunəvi hərbi intizam nümayiş etdirdiklərinə görə bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

DQ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə martın 18-də Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Ş.Məmmədov mükafatları şəhid ailələrinin üzvlərinə və hərbi qulluqçulara təqdim edib.

Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuş şəhid hərbi qulluqçumuz əsgər İlyasov Şamil Kamil oğlunun qardaşı Süleyman İlyasov şəhid ailələrinə göstərdiyi yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirərək, Daxili Qoşunların şəxsi heyətinə xidmətdə uğurlar arzulayıb.

Tədbirin sonunda çıxış edən general-leytenant Ş.Məmmədov təltif olunan hərbi qulluqçuları, şəhid ailələrinin üzvlərini təbrik edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.

Daxili Qoşunların Komandanı əminliklə qeyd edib ki, şəxsi heyət göstərilən etimadı bundan sonra da doğruldacaq, dövlət və dövlətçiliyimizin qorunması naminə verilən bütün əmr və göstərişləri tam keyfiyyətlə yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə hərbi qulluqçulardan 2 nəfər “Vətən uğrunda” (1 nəfər ölümündən sonra), 2 nəfər “İgidliyə görə” (ölümündən sonra), 16 nəfər “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.