CƏMİYYƏT
Daxili Qoşunların şəxsi heyəti üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir
Bakı, 16 iyul, AZƏRTAC
İyulun 16-da Daxili Qoşunların Baş İdarəsində hərbi hissələrin komandirləri, qərargah rəisləri və tərbiyə işləri üzrə müavinlərinin iştirakı ilə Hərbi Şuranın 2016-cı ilin birinci yarısında xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Müşavirədə çıxış edən Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov bildirib ki, hazırda Prezident İlham Əliyev tərəfindən yürüdülən düşünülmüş siyasət, aparılan islahatlar nəticəsində ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai sabitlik hökm sürür. Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etdiyini, sosial yönümlü siyasətin uğurla davam etdiyini diqqətə çatdıran Ş.Məmmədov vurğulayıb ki, müasir dövrdə ölkəmiz nəinki regionda, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gündəlik elan edildikdən sonra Daxili Qoşunlar Komandanının birinci müavini, qərargah rəisi, general-mayor Şirin Xəlilov ilin birinci yarısında xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin nəticələri və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, bu müddətdə Daxili Qoşunlar tərəfindən respublikamızda keçirilən bir çox beynəlxalq əhəmiyyətli və digər kütləvi tədbirlərdə qarşıya qoyulmuş bütün xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib, bir sıra nailiyyətlər qazanılıb. Bu tapşırıqların yerinə yetirilməsi mövcud nizamnamələrin tələblərinə əsasən təşkil edilib. Bununla yanaşı, qoşunlara həvalə edilmiş dövlət obyektlərinin, həmçinin hərbi obyektlərin etibarlı mühafizəsi təmin olunub.
Diqqətə çatdırılıb ki, bu il iyunun 19-21-də Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi zamanı Qoşunların şəxsi heyəti daxili işlər orqanlarının əməkdaşları ilə birgə ictimai təhlükəsizliyin və sabitliyin təmin edilməsində fəal iştirak edərək qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib. Hərbi qulluqçularımız vəzifə borclarının icrasına məsuliyyətlə yanaşıblar.
Sonra hərbi hissə komandirləri və onların müavinləri mövcud vəziyyət barədə məlumat verərək nöqsan və çatışmazlıqları diqqətə çatdırıblar.
General-leytenant Ş.Məmmədov ilin ilk yarısında xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin nəticələrini qənaətbəxş qiymətləndirib, növbəti yarımildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti şəxslərə tapşırıqlar verib. Vurğulanıb ki, Qoşunların fəaliyyəti daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən layiqincə qiymətləndirilib. Şəxsi heyət üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməli, qazanılmış uğurlardan arxayınlaşmamalı, xalqa, dövlətə ləyaqətlə xidmət edərək, ölkədə sabitliyin və ictimai asayişin keşiyində mətinliklə dayanmalıdır.