İQTİSADİYYAT
“Daxili audit və korporativ idarəetmə sistemi” və “Biznesin qiymətləndirilməsi” mövzularında seminar keçiriləcək
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Respublikası Auditorlar Palatasında “Daxili audit və korporativ idarəetmə sistemi” və “Biznesin (müəssisənin) qiymətləndirilməsi” mövzularında seminar keçiriləcək.
Palatadan AZƏRTAC-a bildiriblər ki, seminar ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq standartların tətbiqinin təmin edilməsi və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə təşkil olunacaq.
Seminar "Headstart International" tədris mərkəzi və “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-nin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının Şurası yanında milli auditə dəstək üzrə komitəsinin sədri Zamin Hüseynov tərəfindən aparılacaq.
Tədbirdə dövlət, özəl şirkət, müəssisə və təşkilatların mütəxəssisləri iştirak edəcəklər. Sonda maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmasının metodologiyası, Milli Mühasibat Uçotu Standartlarına əsasən hazırlanmış Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına transferi texnologiyası tədris olunacaq, habelə mühasibat-maliyyə mövzusunda dinləyiciləri maraqlandıran suallar cavablandırılacaq.