CƏMİYYƏT
Daxili işlər naziri Şirvanda vətəndaşları qəbul edib
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 25-də Şirvan şəhərində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhər polis şöbəsində keçirilən tədbirdə R.Usubov Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının qəbula gələn 36 sakini ilə görüşüb.
Nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.
Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq, vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib. Vətəndaşlar Azərbaycan Prezidentinin ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicinin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.