CƏMİYYƏT
Daxili işlər orqanları vətəndaşların qanuni mənafelərinin qorunmasında peşəkarlılığı və nümunəvi xidmətləri ilə seçilir
Bakı, 2 iyul, AZƏRTAC
Naftalan Şəhər Polis Şöbəsində 2 iyul - polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.
Şəhər polis şöbəsinin inzibati binasında davam etdirilən mərasimdə şöbənin rəisi, polis polkovnik-leytenantı Mübariz Mehralıyev çıxış edərək şəxsi heyəti bayram münasibətilə təbrik edib. Bildirib ki, hazırda ölkəmizi böyük uğurlara və davamlı tərəqqiyə aparan Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində maddi-texniki bazası, şəxsi heyətinin xidmət şəraiti, sosial müdafiəsi günbəgün güclənən daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların qanuni mənafelərinin qorunmasında, insan hüquq və azadlıqlarının təmin edilməsində peşəkarlılığı və nümunəvi xidməti ilə seçilir. Diqqətə çatdırılıb ki, 1918-ci il mayın 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyi yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Sonda xidmətində fərqlənən bir qrup polis əməkdaşına, veteran polislərə diplom və fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub. İki polis əməkdaşına isə yeni rütbələr verilib.