CƏMİYYƏT
Daxili işlər orqanlarının əməkdaşları Gəncədə xüsusi əməliyyat-axtarış tədbiri keçiriblər
Bakı, 25 noyabr, AZƏRTAC
Vətəndaşlarımızın hüquq və azadlıqlarının, eləcə də təhlükəsizliyinin təmin edilməsi məqsədilə əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri xüsusi tədbirlər nəticəsində Gəncə şəhər sakinləri Elbrus Ələkbərovun yaşadığı evə baxış zamanı bir ədəd “ZORAKI-914” markalı tapança, 2 qumbara və 4 patron aşkar edilərək götürülüb. Orxan Fətullayevin evinə baxış zamanı nömrəsi silinmiş bir ədəd “Brauninq” markalı tapança, iki qumbara və bir patron, əvvəllər məhkum olunmuş Məhəmməd Hüseynovun evinə baxış zamanı 3 qumbara, 2 alışqan və 12 patron aşkar edilib. Əvvəllər qanunsuz radikal silahlı dini birliklərdə iştirak etdiyi üçün məhkum olunmuş Vüsal İsayevin evinə baxış zamanı 2 qumbara, Zaur Hüseynovun evində “AKS-74” markalı bir silah və 80 patron, onun qardaşı Eminin evinə baxış zamanı isə 3 ədəd qumbara və 37 patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.