İQTİSADİYYAT
“Dayanıqlı İnkişaf üçün Enerji” VII Beynəlxalq Forumunda 300-dən çox dövlət və hökumət rəsmiləri iştirak edəcək
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan hökuməti və BMT Avropa İqtisadi Komissiyasının birgə təşkilatçılığı ilə oktyabrın 18-21-də Bakıda BMT Avropa İqtisadi Komissiyasının Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər qrupunun növbəti sessiyası, “Dayanıqlı İnkişaf üçün enerji” VII Beynəlxalq Forumu, “Bərpa Olunan Energetikanın inkişafı” beynəlxalq konfransı keçiriləcək.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) Mətbuat Katibliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər çərçivəsində ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi və “Paris İqlim sazişi”ndən irəli gələn milli öhdəliklərin tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələrinin, enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunacaq.
Tədbirdə BMT regional komissiyalarına üzv olan dövlətlərin 300-dən çox dövlət və hökumət rəsmiləri, maliyyə sektorunun və işgüzar mühitin nümayəndələri, enerji mütəxəssisləri və elmi tədqiqatçıları iştirak edəcək.