MƏDƏNİYYƏT
“Dazeba news”: Azərbaycan zəngin mədəni irsi ilə diqqət mərkəzindədir
Roma, 30 may, AZƏRTAC
İtaliyanın “Dazeba news” xəbər saytında “Biennaledəki Azərbaycan pavilyonunda tarix, müasirlik və ətraf mühit” sərlövhəli məqalə dərc olunub.
Beynəlxalq İncəsənət Sərgisi olan “Venesiya Biennalesi”nin tarixindən bəhs olunan yazıda tədbirin incəsənət, memarlıq, film, rəqs, musiqi, teatr kimi önəmli mədəni sahələri bir araya gətirdiyi vurğulanır. Qeyd edilir ki, Azərbaycanın bu mötəbər tədbirdə təmsil olunması heç də təsadüfi deyil. Belə ki, enerji ehtiyatlarına, əlverişli strateji mövqeyinə görə tanınan Azərbaycan, eyni zamanda, zəngin mədəni irsinə görə də son zamanlar diqqət mərkəzindədir.
Müəllif yazır ki, cari il 56-cı “Venesiya Biennalesi”ndə Azərbaycan olduqca maraqlı sərgilərlə təmsil olunur. Burada nümayiş olunan əsərlər vasitəsilə tədbir iştirakçıları keçmiş və gələcək arasında heyrətamiz bir səyahət edərək Qafqazın bu tarixi ölkəsini daha yaxından tanımaq imkanı qazanırlar.
Vurğulanır ki, builki tədbirdə Azərbaycanın pavilyonundakı “Hüdudları aşaraq” sərgisində 7 rəssamın - Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Fazil Nəcəfovun, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin əsərləri təqdim olunur.
Yazıda tədbir çərçivəsində təşkil olunan “Vita Vitale” sərgisini təsvir edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fikrinə də yer verilir. Leyla Əliyeva bu sərginin ideyasının təbiətin mühafizəsi ilə sıx bağlı olduğunu bildirir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma