ELM VƏ TƏHSİL
“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi çapdan çıxıb
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun dövri nəşrlərindən olan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 51-ci sayı işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ildə dörd nömrəsi çapdan çıxan bu toplunun əsas hissəsini qorqudşünaslıq, eləcə də folklorşünaslığa dair yeni araşdırmalar təşkil edir.
Toplunun bu nömrəsində folklorşünas alimlərin “Siyasi lətifələrdə gizlənən tarixi həqiqətlər”, “Dədə Qorqud kitabı” – qədim Oğuz eposunun Azərbaycan variantı”, “Oğuz mifi: yeni araşdırmalar, yeni müddəalar”, “Türk və slavyan sehrli nağıllarında başlanğıc – giriş formulları”, “Türk ninnilərindəki qohumluq əlaqələri ilə bağlı sözlər”, “Azərbaycan mərasim folklorunun regional xüsusiyyətləri”, “Şirvan folklor mühitində mərasim folklorunun janr spesifikası”, “Zəngilanın el şairi Şıx Məhəmməd Bağban”, “Qurbannazar Əzizovun şeirlərində folklor ünsürləri” və digər məqalələri təqdim olunub.