REGİONLAR


“Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası üç dildə çap olunacaq

Naxçıvan, 24 iyul, AZƏRTAC

Bu ilin birinci yarısında AMEA Naxçıvan Bölməsində Naxçıvanın tarixi, mədəniyyəti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, coğrafi şəraiti, potensial enerji mənbələri, biomüxtəlifliyi, qədim əlyazmaları, Günəş sistemi cisimləri ilə bağlı tədqiqatlar aparılıb. Bölmə fəaliyyətini 6 istiqamət, 7 mövzu, 34 iş üzrə 78 mərhələdə davam etdirib.

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin birinci yarısında əməkdaşların 25 monoqrafiyası, 13 kitabı, 1 dərsliyi, 298 elmi məqaləsi, 123 konfrans materialı və 464 elmi əsəri nəşr edilib. Onlardan 108-i xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 63-ü xaricdə olmaqla, 271-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çap olunub. Həmin məqalələrdən 20-si impakt faktorlu jurnallarda dərc edilib.

Ötən ilin ilk rübü ilə müqayisədə bu ilin birinci yarısında 196 əsər, o cümlədən 19 monoqrafiya, 10 kitab, 1 dərslik, 164 məqalə və konfrans materialı işıq üzü görüb. O cümlədən bölmə əməkdaşlarının 2 monoqrafiyası, 7 kitabı, 1 atlası və 271 məqaləsi hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub.

Bu dövrdə bölmənin “Xəbərlər” və “Axtarışlar” jurnallarının iki nömrəsi çapdan çıxıb. Bundan əlavə, bölmədə yaradılan tədqiqat qrupu tərəfindən “Gülüstan türbəsi” məqalələr toplusu üç dildə çap edilib. “Qarabağlar Türbə Kompleksi” (üç dildə) məqalələr toplusu isə nəşrə hazırlanıb. Hazırda üç dildə “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlasın üzərində iş aparılır. Həmçinin AMEA-nın Coğrafiya İnstitutu ilə birgə “Naxçıvan coğrafiyası” ikicildliyi üzərində işlər davam etdirilir.

“İslam Həmrəyliyi ili” çərçivəsində Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” albom-kataloqu və “İslamda müdrik kəlamlar” kitablarının hazırlanması ilə əlaqədar işçi qrupu yaradılıb və kitabların çapa hazırlığı yekunlaşıb. Birinci kitab beynəlxalq konfrans ərəfəsində çap olunub.

Bu ayın 7-8-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib. Ümumilikdə isə bölmədə 6 konfrans, 4 iclas, 26 seminar, 11 kitab və monoqrafiyanın təqdimat mərasimi, Heydər Əliyev lektoriyasının 3 məşğələsi olub.

Bundan əlavə, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu ilə Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Arxeologiya laboratoriyası arasında, həmçinin Əlyazmalar Fondu və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə əməkdaşlığa dair müqavilələr imzalanıb.

Bölmədə yerinə yetirilən iki qrant layihəsinə 2017-ci ilin ilk ayında yekun vurulub və bu il üçün qalib olan 1 beynəlxalq, 3 respublika səviyyəli qrant layihəsinin icrasına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.