İQTİSADİYYAT


Dekabrın 20-də keçiriləcək hərraca 84 dövlət əmlakı çıxarılıb

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dekabrın 20-də keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca, ümumilikdə 84 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 26 kiçik dövlət müəssisə və obyekti, 32 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi çıxarılıb.

Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə Portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10 faizi məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı şəhərində, Daşkəsən, Lənkəran, Tərtər, Şəmkir, Qobustan, Zaqatala və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında “Çinar” soyuducular zavodunun Şəmkir filialı, Zaqatala Barama Toxumu Zavodu, Maşın Meliorasiya Stansiyası kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti paytaxtın Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir-tikinti sahəsidir. İki milyon 711 min manata təklif olunan müəssisənin torpaq sahəsi 7869,1 kvadratmetrdir. Paytaxtın Sabunçu rayonunda yerləşən və 22239,2 kvadratmetr torpaq sahəsi olan Maşın Meliorasiya Stansiyası isə 750 min manata təklif olunur. Bundan əlavə, paytaxtın Suraxanı rayonundakı 42 saylı mağaza 800 min manat, Sumqayıtda yerləşən 22 saylı mağaza 425 min manat, Zaqatala Barama Toxumu Zavodu 509 min 375 manat start qiyməti ilə hərraca çıxarılıb.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 29-u paytaxtda, qalanları isə Astara, Ağcabədi və Oğuz rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti Astara rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 100 min manat start qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə isə 75 min manat start qiyməti təyin olunub.

Budəfəki hərracda 23 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Bərdə Tikinti Quraşdırma”, “İsmayıllı Sənaye İstehsal”, “Zaqatala Fındıq”, “Şamaxı Dəmir Beton”, “Biləsuvar Broyler” kimi səhmdar cəmiyyətlər var.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.