İQTİSADİYYAT


Dekabrın 27-də keçiriləcək hərraca 115 dövlət əmlakı çıxarılıb

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dekabrın 27-də dövlət əmlakının özəlləşdirilməsi üzrə yeni hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 115 dövlət əmlakına sahib olmaq imkanı var.

Komitədən AZƏRTAC-a bildirilib ki, hərracda iştirak və əmlaka yiyələnmək üçün Özəlləşdirmə Portalına (privatization.az) daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək zəruridir. Budəfəki hərracda vətəndaşlara 24 səhmdar cəmiyyəti, 57 istifadəsiz qeyri-yaşayış sahəsi, 24 kiçik dövlət müəssisə və obyekti, həmçinin 10 nəqliyyat vasitəsini özəlləşdirmək təklif olunur. Qeyd edək ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma həmin portalla yanaşı, həm komitənin rəsmi saytı, həm də “facebook” səhifəsi vasitəsilə də aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə Portalında onlayn məsləhət pəncərəsi var ki, maraqlı şəxslər əmlaklar və hərrac proseduru barədə istənilən sualı komitəyə ünvanlaya və dərhal cavab ala bilərlər.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri əksəriyyəti paytaxtda olmaqla, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Balakən şəhərləri və digər bölgələrdə yerləşir. Özəlləşdirilməyə çıxarılan bir çox əmlak torpaq sahəsi və üzərindəki tikili ilə birgə iddiaçılara təklif olunur. Balakəndə yerləşən və 37602,5 kvadratmetr torpaq sahəsi olan əmlak kompleksinə ən yüksək qiymət – 1 milyon 430 min manat təyin olunub. Paytaxtda isə ən yüksək ilkin qiymətə 2 dövlət əmlakı – Binəqədi və Səbail rayonunda yerləşən istifadəsiz qeyri-yaşayış sahələri təklif olunur. Müvafiq olaraq bu əmlaklar 468 min 400 manat və 460 min manat satış qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 442 min manata, Xəzər rayonundakı “Lalə” şadlıq evi isə 356 min manata təklif olunur. Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin 55-i paytaxtda, 1-i Yevlaxda, digəri isə İsmayıllıda yerləşir.

Budəfəki hərracda 24 səhmdar cəmiyyətin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Sabunçu Ticarət Təchizat”, “Tovuz Məişət”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Xətai Ticarət-108”, “Xırdalan yük nəqliyyat”, “Zabrat Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətləri var.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.

ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.