ELM VƏ TƏHSİL
“Dekorativ bitkilər və onlara qulluq qaydaları” kitabı nəşr olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Dekorativ bitkilər və onlara qulluq qaydaları” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, A.Tağıyeva, R.Əsədova, C.Məmmədov və A.Mirzəyevanın həmmüəllif olduqları kitab dekorativ ağacları, gülləri və otaq bitkilərini becərmək istəyənlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Nəşrdə qeyd olunub ki, respublikamızın torpaq və iqlim şəraiti əksər bitkilərin becərilməsi və onlardan yüksək məhsul alınmasına böyük imkan verir. Bitkinin köklənməsi qışda uzun müddətə əmələ gəlir. Bunun üçün son zamanlar bir çox boy maddələri sintez olunub. Məqsəd bitkiçiliklə məşğul olan insanlara boy maddələrindən düzgün istifadə qaydasını göstərməkdir.
Neft Kimya Prosesləri İnstitutunda neft turşularının yüksək dərəcədə təmizlənməsinin həyata keçirilməsini nəzərə alaraq, ilkin olaraq neft turşuları əsasında stimullaşdırıcıların alınması istiqamətində işlər aparılır. Bu turşular əsasında sintez olunan stimullaşdırıcılar kitabda göstərilən əksər bitkilər üzərində tətbiq olunur.