CƏMİYYƏT
“Dekorativ bitkilər xalq təbabətində" kitabının imza günü keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
"Dekorativ-park, dibçək və bəzək bitkiləri, onların əkilib-becərilmə, müxtəlif iqlim şəraitlərinə uyğunlaşdırılması, faydası və əhəmiyyəti haqqında çoxlu məqalə, əsər və kitablar yazılsa da, onların müalicəvi əhəmiyyəti barədə isə çox az söhbət açılıb. Qələmə aldığımız kitab daha çox həmin boşluğu doldurmaq istəyindən yaranıb".
Bu fikirlər "Dekorativ bitkilər xalq təbabətində" kitabının müəllifi, biologiya üzrə fəlsəfə doktoru Fuad Mahmudova məxsusdur. Kitabın həmmüəllifi həkim-fitoterapevt Elnur Rəhimov isə bunları söyləyib: "Kitabda 90-a yaxın dekorativ bitkidən ətraflı bəhs olunur, onların botaniki təsviri, vətəni, təbii şəraitdə yayılma arealı, kimyəvi tərkibi, müalicə məqsədilə tətbiq edilən orqanları, orqanizmə təsiri və istifadə qaydası haqqında məlumat verilir. Hətta onların hansı xəstəlikdə, necə və hansı miqdarda istifadə edilməsi də öz əksini tapıb".
AZƏRTAC xəbər verir ki, Fuad Mahmudov və Elnur Rəhimovun "Dekorativ bitkilər xalq təbabətində" kitabının imza günündə səslənən bu fikirlər bütövlükdə nəşr haqqında dolğun təsəvvür yaradıb. Tədbirə toplaşanlar müəllifləri təbrik edərək ürək sözlərini söyləyib, kitabın tibbi əhəmiyyətindən danışıblar. Müəlliflər öz avtoqrafları ilə imza gününün iştirakçılarına kitab bağışlayıblar.