İQTİSADİYYAT
“DəmirBank” yenidən “Zolotaya Korona” pul köçürmə sisteminə qoşulub
Bakı, 9 fevral, AZƏRTAC
“DəmirBank” “Zolotaya Korona” sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa edib.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu sistem vasitəsilə “DəmirBank”ın müştəriləri üçün MDB və digər xarici ölkələrə 1 faizdən başlayan (göndərilən məbləğ və istiqamətdən asılı olaraq) tariflərlə çox sərfəli şərtlərlə pul köçürmək imkanı yaradılıb. Pul köçürən müştərilər xüsusi “Tarif 0%” aksiyasından da yararlana bilərlər. Aksiyanın şərtlərinə görə, xidmətin məzənnəsi üzrə konvertasiya ilə valyuta köçürməsi edilən zaman heç bir komissiya haqqı tutulmur. Köçürmələr ani, ünvansız və hesab açılmadan həyata keçirilir.
“DəmirBank” ASC-nin idarə heyətinin sədrinin müavini Azər Hümbətov deyib: “DəmirBank” sosialyönümlü maliyyə institutudur və əsas məqsədi müştərilərin rahatlığını təmin edən müasir bank xidmətlərini geniş şəkildə təqdim etməkdir. “Zolotaya Korona” sistemi yalnız pul köçürmələrinin sürətli deyil, həmçinin onların təhlükəsiz və ucuz çatdırılmasını təmin edir. Məhz bu xüsusiyyətləri müştərilərimiz yüksək qiymətləndirir”.
“Biz Azərbaycan bankları ilə əməkdaşlıq əlaqələrimizi inkişaf etdirərək ən müasir maliyyə xidmətlərinin kütləviləşməsinə nail olmağa çalışırıq. Şadıq ki, bizim yeni əməkdaşımız Azərbaycan bank sektorunun liderlərindən biri olan “DəmirBank” qabaqcıl texnologiyaların inkişafı və daha çox tələb olunan maliyyə məhsullarının çeşidliliyini artırmağa xüsusi diqqət yetirir”, – deyə “Zolotaya Korona – Pul köçürmələri” xidmətinin direktoru İvan Sitnov qeyd edib.
“DəmirBank”ın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası çərçivəsində “Zolotaya Korona” sistemi üzrə pul göndərənlərə və pul alanlara mobil danışıq kartı da hədiyyə edilir. Bankın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15000 RUR məbləğində pul köçürən müştərilərə istəklərindən asılı olaraq mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.