CƏMİYYƏT
“DəmirBank”ın “Binəqədi” filialına qanunsuz daxilolma cəhdi olub
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 11-də, saat 23:00 radələrində “DəmirBank”ın Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən “Binəqədi” filialına qanunsuz daxilolma cəhdi olub.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək oğurluğa cəhd edən şəxsi yaxalayıblar. Hadisə zamanı banka məxsus heç bir əmlaka əhəmiyyətli zərər dəyməyib.
“DəmirBank” Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə bankın əmlakının etibarlı qorunmasını təmin etdiklərinə görə böyük minnətdarlığını bildirir.
“DəmirBank” bəyan edir ki, qarşılıqlı əməkdaşlıq nəticəsində bankın bütün filialları ən müasir siqnalizasiya sistemi ilə təchiz edilib və onların fasiləsiz mühafizəsi təmin olunur.