İQTİSADİYYAT
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının 2018-ci il üçün Fəaliyyət Proqramı müzakirə olunub
Bakı, 21 aprel, AZƏRTAC
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) 2018-ci il üçün Fəaliyyət Proqramı müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Minskdə Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Baş Direktorlar Konfransının 32-ci iclası zamanı aparılıb.
Görüşdə DYƏT-in “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun, “Qazaxıstan Dəmir Yolu” SC-nin vitse-prezidenti Arman Sultanov və DYƏT üzvü olan digər ölkələrin dəmir yolu rəhbərləri iştirak ediblər.
Tədbirdə DYƏT-in 2016-cı il üzrə yükdaşımaları, sərnişindaşımaları, infrastruktur və hərəkət heyəti, kodlaşma və informatika, maliyyə və hesablama məsələləri, dəmir yolları arasında qarşılıqlı hesablaşmalar və borc ödənilməsi, dəmir yolu daşımaları sahəsində peşəkar təlim/hazırlıq üzrə müvəqqəti işçi qrupunun fəaliyyəti, Koreya Respublikasının DYƏT üzvlüyü, DYƏT-in 2016-cı il üçün fəaliyyət hesabatı, DYƏT-in 2018-ci il və sonrakı illər üçün Fəaliyyət Proqramı, DYƏT-in birləşdirilmiş müəssisəsi statusunun verilməsi, eləcə də DYƏT Baş direktorlar Konfransının 33-cü iclasının ilkin gündəliyi, tarixi və keçirilmə yeri haqqında məsələlər müzakirə olunub.
Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.
Xatırladaq ki, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) 1956-cı ildə iyunun 28-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. Təşkilatın mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.
DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.
Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) üzvüdür.