İQTİSADİYYAT


Dəmir Yollarında növbəti kompleks mülki müdafiə təlimi keçirilib

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2016-cı ilin Mülki müdafiə üzrə tədbirlər planına müvafiq olaraq noyabrın 17-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, məşqin məqsədi cəmiyyətin mülki müdafiə planlarının operativliyinin araşdırılması, rəhbər heyətə fövqəladə hallar zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, hərtərəfli dərin təhlilinin aparılması, əsaslı qərarların qəbul edilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlər aparılan zaman mülki müdafiə qüvvələrinin fasiləsiz idarə olunmasının öyrədilməsidir.

Fövqəladə Hallar Komissiyasının sədri (Mülki müdafiə qərargah rəisi), “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov şərti məlumatlar əsasında səhər saatlarında baş verən zəlzələ nəticəsində neft məhsulları ilə yüklü qatarın qəzaya uğraması, 2 vaqonun relsdən çıxaraq aşması nəticəsində neft məhsulunun Kür çayına axması, Hacıqabul stansiyasının, vaqon deposunun, Yanacaq təminatı məntəqəsinin və Marşrut rele mərkəzi inzibati binalarının uçması, yanğınların baş verməsi və kimyəvi maddələrlə yüklü qatarın relsdən çıxaraq elektrik qatarının ikinci vaqonu ilə toqquşması hadisələri zamanı rəhbər heyətinin funksional vəzifələrinin dəqiqləşdirilməsi barədə göstəriş verib.

Məşqdə fəlakətin nəticələrini aradan qaldırmaq üçün Yük daşımaları Departamentinin, İnfrastruktur Departamentinin, Yanğından mühafizə və Fövqəladə Hallar Qatarının, Həkim-Sanitar Xidmətinin, İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələrinin qəza-bərpa vasitələrinin və digər vasitələrin hazırlıq vəziyyəti və hadisə yerində işlərin ardıcıllığının müəyyən edilməsi müzakirə edilib.

Mülki müdafiə məşqi başa çatandan sonra məşqin nəticələri təhlil olunub. Aşkar olunmuş nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər verilib. Məşq zamanı qarşıya qoyulmuş məqsədə əsasən nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.