CƏMİYYƏT
Dəmir Yolu Liseyində Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib
Bakı, 6 may, AZƏRTAC
Dövlət Dəmir Yolu Liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, şagirdlərin iştirakı ilə təşkil olunmuş “Atletika” və “Arm Westing” (qol gücü) yarışları” və “Xəmsə” bilik müsabiqəsi gənclərdə xüsusi maraq doğurub.
Daha sonra şagirdlər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin nəticələri elan edilib.
Silsilə tədbirlər “Ümummilli lider Heydər Əliyev və Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda konfransla başa çatıb.
Konfransda liseyin direktoru, fəlsəfə doktoru, dosent Həsən Bayramov, Nərimanov rayon “Gənclər və İdman İdarəsi”nin rəisi Nəcəf Novruzov, Ağsaqqallar Şurasının üzvü Kamil Babayev, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Nərimanov rayon Dövlət Xidməti İdarəsi”nin əməkdaşı, kapitan Ceyhun Əsədov, eləcə də liseyin müəllimləri Əməkdar müəllim Esmira Rəhimova və Oqtay Samidov gənclər qarşısında çıxış ediblər.
Sonda müxtəlif idman növləri üzrə yarışların, eləcə də “Xəmsə” bilik müsabiqəsinin və inşa müsabiqəsinin qalibləri müxtəlif mükafatlarla təltif ediliblər.
Tədbirin sonra aprel ayında cəbhədəki döyüşlərdə yaralanmış liseyin məzunu Arzu Abdullayev müalicə aldığı Hərbi Hospitalda liseyin bir qrup müəllimi və şagirdləri tərəfindən ziyarət edilib.