REGİONLAR
Dəmir çarxı ilə Şərqi dolaşan səyyah Gəncədə VİDEO
Gəncə, 14 aprel, Rauf Hacıyev, AZƏRTAC
Yüz kiloqramlıq dəmir çarxı ilə səyahətə çıxan İran əsilli alman vətəndaşı, foto-blogger Şahin Sadathüseyni Gəncədə olub.
AZƏRTAC xəbər verir ki, 44 yaşlı səyyah “Şərqi dolaşmaq” layihəsinə Almaniyadan start verib. O, içərisinə əşyalarını yığdığı nəhəng çarxı fırlada-fırlada Avstraliyadan, Avropadan keçib və indiyədək 15 ölkədə olub, 470 min kilometr yol qət edib.
Çarxı ilə Gəncə sakinlərinin də diqqətini çəkən səyyah səfəri haqqında danışaraq deyib: “Əşyaları çarxla aparmaq daha asandır. Bu həm də idmandır. Tehrandan çıxdığım 30 ildir. Səyahətimə Almaniyadan başlamışam və 480 gündür yol gedirəm. Səfərim bütövlükdə iki ilə, yəni 4 aydan sonra yekunlaşmalıdır”.
Şahin Sadathüseyni Azərbaycanda gəzdiyi, olduğu yerlər haqqında fikirlərini bölüşüb. “Azərbaycanın Qərb bölgəsində çox sayda alman izləri var. Bu məni maraqlandırdı. Nizami Gəncəvi məqbərəsi, dahi şəxsiyyətin irsi ilə tanış oldum. Sərhədi keçəndə gördüm ki, burada çayı qəndlə içirlər, eynilə Tehrandakı kimi. Çox qonaqpərvər xalqınız var. Hər kəs məni evinə qonaq dəvət edir”, - deyə səyyah bildirib.
Bir il 8 aydır yollarda olan Şahin Sadathüseyninin məqsədi gəzdiyi ölkələrin mədəniyyəti ilə bağlı film hazırlamaq, kitab yazmaqdır.
Səyyah Gəncədən cənub istiqamətində yola düşüb. Astaraya, oradan da İrana səfər edəcək. Bununla da Almaniyadan başlayan səyahəti 30 ildir çıxdığı Tehran şəhərində başa çatacaq.