İQTİSADİYYAT
Dəmir yolu boyunca çirkləndirilmənin qarşısının alınması üçün tədbirlər planı hazırlanıb
Bakı, 15 iyul, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu boyunca sanitariya-mühafizə zonasının çirkləndirilməsinin qarşısının alınması üçün məqsədyönlü tədbirlər planı hazırlanıb.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, son vaxtlar Bakıətrafı ərazidə, eləcə də xətt boyu dəmir yolu ərazilərinə yaxın yerlərdə yaşayan insanların təbiətə, ekologiyaya, özlərinə və ətrafdakılara səhlənkar münasibəti, son nəticədə, xoşagəlməz hallara gətirib çıxarır. Keçirilən reydlər zamanı təhkim zolağında və sanitariya-mühafizə zonasında müşahidə olunan yarıtmaz hallar barədə müvafiq rayonların rəhbərlərinə yazılı müraciət olunub.
Sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi işini “Azərbaycan Dəmir Yolları” QSC İnfrastruktur Departamentinin kollektivləri həyata keçirməyə başlayıblar. Aradan ötən qısa zaman ərzində İnfrastruktur Departamenti Yol xidmətinin kollektivləri tərəfindən baş yolların kənarlarının, dəmir yolunun təhkim zolağının və sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi istiqamətində mütəmadi tədbirlər görülüb.
Bütün istiqamətlərdə marşrut boyu qalaqlanmış məişət tullantılarına rast gəlinməyib. Yaşayış məntəqələrinə yaxın yerlərdə zibil qutuları qoyulub və məişət tullantılarının atılması üçün quyular qazılıb.
“Azərbaycan Dəmir Yolları” QSC dəmir yolunun təhkim zolağına yaxın ərazidə yaşayan vətəndaşlardan məişət tullantılarını müəyyən olunmuş yerlərə atmalarını xahiş edir. Bu, qatarların hərəkətinin ahəngdarlığının, təhlükəsizliyinin təmin olunmasında, ekoloji təmizliyin qorunmasında çox mühüm amillərdən biridir. Dəmir yolunun təhkim zolağının və sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciəti, adı çəkilən nazirlikdə araşdırılıb, hazırda bu istiqamətdə əlbir fəaliyyət göstərilir.