İQTİSADİYYAT


Dəmir yolu turizminin inkişafı istiqamətində ilk layihə həyata keçirib VİDEO

Bakı, 19 iyun, Elvin Camalov, AZƏRTAC

İyunun 16-18-də “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi və “RailTravel” şirkətinin təşkilatçılığı ilə Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində dəmir yolu turizminin inkişafına dəstək məqsədilə infotur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, dəmir yolunun inkişafı üçün ilk dəfə həyata keçirilən yeni layihədə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 1 ədəd SV, 1 ədəd KP və 2 ədəd xidməti vaqon ayrılıb. Qatar iyunun 17-də səhər saatlarında Gəncəyə çatdıqdan sonra Bakı-Ağstafa-Qazax sərnişin qatarına, daha sonra isə Qazax-Ağstafa-Bakı sərnişin qatarına qoşulub.

Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində təşkil edilən infotur zamanı Göygöl Milli Parkı, “Gəncə qapıları”, “Nizami Gəncəvi” məqbərəsi, butulka ev, Şah Abbas Məscidi (XVII əsr), Çökək hamam, “Cavad xan” türbəsi və Xan Bağına ekskursiyalar təşkil olunub.

Ekskursiya zamanı məlumat verilib ki, qatarla səyahət digər nəqliyyat vasitələri ilə müqayisədə maraqlı, rahat, təhlükəsiz, ucuz və komfortludur. Azərbaycanın əksər bölgələrinə dəmir yolu xəttinin olması imkan verir ki, bu sahədə də turizm inkişaf etdirilsin.

Qatarlarla səyahətin qiymətləri barədə bildirilib ki, SV qatar 18 nəfər üçün (1 100 manat), KP – 36 nəfər (1 200 manat ), PL – 54 nəfərlik (1 512 manat) və ailələr üçün xidməti vaqon (900 manat) nəzərdə tutulub. Xidməti vaqonlar duş kabinəsi, konfrans zalı da daxil olmaqla hər cür şəraitlə təchiz edilib. Dəmir yolu ilə bu cür səyahətlərin təşkili üçün 12 gün əvvəldən sifariş verilməlidir.

Həmçinin tələb əsasında cənub, qərb, habelə şimal rayonlarına, habelə Bakı-Batumi, Bakı-Tbilisi istiqamətində dəmir yolu vasitəsilə turların təşkil edilməsi nəzərdə tutulduğu vurğulanıb. Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi bu turizmi daha da əlverişli edəcək.

Qeyd edək ki, turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Son illər ərzində ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.