İQTİSADİYYAT
Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində əsaslı təmir işləri davam edir
Bakı, 30 may, AZƏRTAC
Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində artıq 46 kilometr dəmir yolu əsaslı təmir olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda Bakı sərnişin stansiyasında 3 dəst yolayrıcı qurğusu dəyişdirilir və Bakı sərnişin - Keşlə mənzilində 3 kilometr uzunluğunda baş yollarının təmiri həyata keçirilir.
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə başlanılıb və bu günə kimi 46 kilometr yol əsaslı təmir olunub.
Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.
Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarları Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına 40 dəqiqə müddətində çata biləcəklər.
Statistik göstəricilərə görə Sumqayıtdan Bakıya və əks istiqamətdə avtomobil yolundan gün ərzində 110 min avtomobil, təxminən 200 min insan istifadə edir.