REGİONLAR
Dəmir yolunun Goran-Mingəçevir mənzilində 3,6 kilometr dəmir yolu əsaslı təmir olunur
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi başlanıb. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, aprelin 18-də Goran-Mingəçevir mənzilində 3,6 kilometr dəmir yolunun əsaslı təmirinə başlanılıb.
Qeyd olunub ki, 2015-ci ilin aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Həmçinin nəzərə çatdırılıb ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işləri üç gün davam edəcək.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 267 kilometr dəmir yolu əsaslı təmir olunub.