İQTİSADİYYAT
Dəmir yolunun Karrar-Sığırlı mənzilində 14 kilometr yolun əsaslı təmirinə başlanmışdır
Bakı, 30 yanvar (AZƏRTAC). Prezident İlham Əliyevin 2010-cu il iyulun 6-da imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamının icrası həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir. Cari il yanvarın 30-da Karrar-Sığırlı mənzilində 14 kilometr yolun əsaslı təmirinə başlanmışdır. Təmir işləri fevralın 15-dək davam edəcəkdir. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
Yanvarın 30-da səhər saatlarında köhnə yolun söküntüsünə start verilmiş və artıq 1 kilometri sökülmüşdür.
Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanmışdır. İndiyədək 179 kilometr yol əsaslı təmir olunmuşdur.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulmuş yolun təmir ardıcıllığı müvafiq cədvələ uyğun aparılır.