İQTİSADİYYAT
Dəmir yolunun Ləki-Malay mənzilində 10 kilometr yolun əsaslı təmirinə start verilib
Bakı, 27 dekabr, AZƏRTAC
Dəmir yolunun Ləki-Malay mənzilində 10 kilometr yolun əsaslı təmirinə start verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri bir həftə davam edəcək.
Qeyd edək ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 198 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.