İQTİSADİYYAT
Dəmir yolunun Səngəçal istehsalat bazası yenidən qurulur
Bakı, 19 iyul, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası yenidən qurulur.
“Azərbaycan Dəmir Yolları”nın mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvarında başlanan yenidənqurma işləri başa çatandan sonra burada iki baza fəaliyyət göstərəcək. Mart ayının ikinci yarısında köhnə bazanın yenidən qurulması artıq tamamlanıb və ikinci bazanın tikintisinə başlanılıb. Birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülərək əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Yol qəliblərinin hər biri 225 metr uzadılaraq, iş əmsalının artırılmasına şərait yaradılıb.
Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 kilometrdən artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazasında bir ay ərzində 60-65 kilometr yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq. Bundan başqa, ərazidə yüzlərlə ağac və bəzək kolları əkilib, yaşıllıqlar salınıb.
Həmçinin Səngəçal istehsalat bazasının ərazisində yoldəyişən qurğuların yığılması üçün yeni meydança tikilib. Bazada əmək şəraitini yaxşılaşdırmaq üçün sanitar qurğuları, soyunub-geyinmə otaqları və duşxanalar, gözətçi otağı tikilib-istifadəyə verilib. Eyni zamanda, sexlərin fəaliyyət imkanlarını artırmaq üçün yeni otaqlar tikilib. Ərazidə köhnə inzibati bina sökülüb, yeni ikimərtəbəli inzibati binanın və texnikalar üçün nəzərdə tutulan anqarın tikintisinə başlanılıb. Eləcə də, işçilərin istirahət vaxtlarını səmərəli keçirməsi üçün yeni stadionun tikilməsi nəzərdə tutulur. Bu işlər ilin sonuna kimi yekunlaşdırılacaq.