İQTİSADİYYAT
Dəmir yolunun elektrik təchizatı sistemi yenidənqurma mərhələsində VİDEO
Bakı, 23 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri başa çatmış, hazırda həmin sahədə elektrik təchizatı sisteminin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçməsi gündəmdədir.
Enerji təchizatı üzrə keçirilmiş tender vasitəsilə podratçı şirkət müəyyən olunmuş və “ATEF” şirkətlər qrupu ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanmışdır. Bu müqavilənin icra cədvəlinə əsasən, podratçı şirkət enerji təchizatı ilə bağlı işlərə başlamışdır.
Layihə sənədlərinin hazırlanması 4 mərhələ - Böyük Kəsik-Gəncə sahəsi, Gəncə-Ucar sahəsi, Ucar-Hacıqabul sahəsi və sonda Hacıqabul-Bakı sahəsi üzrə aparılacaqdır.
Araşdırmalardan sonra 12 ədəd dartı yarımstansiyasının yeri seçilərək müəyyən edilmiş və onların quraşdırılmasına başlanılmışdır.
Tikinti işlərini lazım olan materiallarla, texniki qurğularla təmin etmək məqsədilə “ATEF” şirkətlər qrupunun zavodlarında dəmir dayaqlar, yüksək gərginlikli transformatorlar hazırlanmışdır.
Artıq 1-ci mərhələ üzrə Böyük Kəsik-Gəncə sahəsində - Böyük Kəsik, Ağstafa, Düyərli və Alabaşlı dartı yarımstansiyalarının tikintisi başa çatdırılmışdır.
Burada yüksəkgərginlikli avadanlıqlar, transformatorlar, açarlar, 110 və 25 kV-luq paylayıcı qurğular quraşdırılmışdır.
Hazırda ikinci mərhələ üzrə Gəncə-Ucar sahəsində layihə sənədlərinin hazırlanması işləri yekunlaşmaq üzrədir.