İQTİSADİYYAT
Dəmiryolçular 2016-cı il ərzində görülən işləri müzakirə ediblər
Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC-də 2016-cı ilin yekununa həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bayram münasibətilə bütün dəmiryolçuları və Azərbaycan xalqını təbrik edib.
Bildirib ki, təqvimdə bir çox əlamətdar günlər var. Ölkəmizin yaxın və uzaq keçmişinin müəyyən məqamlarını özündə əks etdirən bu tarixi günləri yaşatmaq olduqca gərəklidir. Çünki həmin günlərdə Azərbaycan tarixinin hansısa mühüm anı yaşayır. Onlardan biri də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günüdür.
C.Qurbanov 2016-cı il ərzində Prezident İlham Əliyevin diqqəti sayəsində dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində, “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra 26 dəmiryolçuya yeni mənzillərin açarları təqdim olunub.