ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunda şagirdlər üçün ekoloji məşğələ təşkil olunub
Bakı, 1 iyul, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunda “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri üçün seminar-məşğələ keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsində qalib olmuş “Ekoloji, bioloji və ərzaq təhlükəsizliyinin əsası olan bioloji müxtəliflik üzrə ictimai məlumatlandırma sisteminə giriş” layihəsi çərçivəsində gerçəkləşib.
“Gənclik və maarifçilik” İctimai Birliyinin rəhbəri Vaqif Əmikişiyev bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin ətraf mühit haqqında təsəvvürlərini formalaşdırmaqdır.
Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Zümrüd Məmmədova institutun yaranma tarixi, fəaliyyət istiqamətləri barədə şagirdlərə məlumat verərək bildirib ki, Mərdəkan qəsəbəsində yerləşən bu ərazi 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Flora növlərinin sayına və yaşına görə Mərdəkan dendrarisi dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir.
Murtuza Muxtarovun evi ilə tanış olan məktəblilərin diqqətinə çatdırılıb ki, bina “kotik” üslubunda gəmi formasında layihələndirilib. Dendrologiya İnstitutunun bağının ümumi sahəsi 12 hektardır.
Tədbirdə Dendrologiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva, herbari və toxumçuluq laboratoriyasının müdiri Minarə Həsənova və ekspertlər şagirdlərə ölkəmizin zəngin florası, biomüxtəlifliyə təsir edən amillər, aqrobiomüxtəliflik və onun əhəmiyyəti, canlı aləmin təbiətdə və insan həyatında rolu, Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər.
Sonda məktəblilər üçün müxtəlif mövzuları əhatə edən təlimlər, ekoloji oyunlar təşkil olunub.