CƏMİYYƏT
Dəniz Akademiyasına tələbə qəbulu yekunlaşıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Dəniz Akademiyasına 2015-2016-cı tədris ili üçün tələbə qəbulu yekunlaşıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imtahanından uğurla keçən 194 abituriyent Dəniz Akademiyasının tələbəsi adını qazanıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 5 ixtisas – “Gəmiqayırma və gəmi təmiri”, “Gəmi energetik qurğularının istismarı”, “Dəniz naviqasiyası”, “Elektrik mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə 82 nəfər dövlət sifarişi, 112 nəfər isə ödənişli əsaslarla təhsil alacaqlar.
Abituriyentlərin fərdi göstəricilərinə gəldikdə isə, 77 nəfər 300 baldan, 21 nəfər 400 baldan, 2 nəfər isə 500 baldan yuxarı nəticə göstərib.
Dəniz Akademiyasında tədrisin təşkilini daim diqqətdə saxlayan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev sentyabrın 10-da bu təhsil müəssisəsində keçiriləcək “Açıq qapı günü”ndə iştirak edəcək, tələbə adını qazanmış gənclər və onların valideynləri ilə görüşəcək.